Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin 92-ci il dönümü ilə bağlı olaraq keçirilən silsilə tədbirlər davam etməkdədir. Belə ki, bu münasibətlə mayın 15-də Konservatoriyanın böyük zalında daha bir möhtəşəm konsert baş tutdu. Azərbaycan Respublikanın Əməkdar artisti Anar Şuşalının solo konserti keçirildi.
Öncəliklə qeyd edək ki, Anar Şuşalı daim öz ifası, müraciət etdiyi hər bir musiqi nümunəsinə qarşı özünəxas yanaşma tərzi ilə seçilən müğənnilərdən biri kimi dinləyicilərin rəğbətini qazanmışdır. O, bir sıra Avropa ölkələrində dəfələrlə çıxış edərək Azərbaycan musiqisini layiqincə təmsil etmiş və daima mədəniyyətimizin adını ucaltmışdır. Sözügedən konsertdə də Anar Şuşalı öz həzin və məlahətli səsi və gözəl ifas ilə salona toplaşanlarda yüksək təəssürat yaratmağa nail oldu.
“Bül-bül sayağı” adlanan konsertdə dinləyicilər Anar Şuşalının ifasını böyük maraq və sevgiylə dinlədilər. Qeyd edək ki, konsertin Azərbaycan musiqisində müstəsna xidmətləri olan görkəmli müğənnimiz Bülbülün adıyla bağlanması sənətçiyə olan böyük ehtiram və sevginin ifadəsi kimi qəbul olundu. Həmçinin tədbirin adı ifaçının müraciət etdiyi musiqi nümunələrinin yalnız Bülbülün ifasında səslənən mahnılardan ibarət olmasına da bir işarə idi.
İlk olaraq AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi tədbirə giriş sözü söylədi. O, Bülbülün milli vokal məktəbinin əsasını qoyan sənətçi olduğunu qeyd edərək onun yaradıcılığından, ifa üslubundan söz açdı. Bundan sonra nümayiş olunan videoçarxda isə Bülbülün ifası ilə görüntüsünün əksi salona toplaşanları sanki Bülbüllü illərə qaytardı. Səhnəyə çıxan Anar Şuşalı qonaqları salamlayaraq Bülbül sənətinə olan sonsuz sevgisini bildirdi və söz musiqiyə verildi. Yuxarıda qeyd etdiyimiz kimi, konsertin proqramına yalnız Bülbülün oxuduğu mahnılar daxil idi: “Apar məni bəndə vur”, “Bu gün ayın üçüdür”, “Sürməni neylərsən”, “Qara tellər”, “Kəklik”, “Gəl mənə yar ol”, “İntizar”, “Səhərdən eyvana vardım”, “Gilənar” və “Qərənfil abı gərək” mahnılarını Anar Şuşalı böyük şövqlə səsləndirdi. Onu Ələkbər Ələkbərov (tar), Əməkdar artist Elşən Mansurov (kamança), Mahmud Salah (qaval), Pərviz Əlikram oğlu (balaban) və Naibə Şahməmmədova (fortepiano) müşayət etdilər.
Bülbül kimi nəhəng simadan sonra onun repertuarını ifa etmək müğənnidən böyük cəsarət və sözün əsl mənasında peşəkarlıq tələb edir. Konsert proqramının bütövlüklə Bülbülün yaradıcılığından ibarət olması isə əsl mənada böyük hünər və peşəkarlığın göstəricisi oldu. Konsertin sonunda Polad Bülbüloğlu çıxış edərək Anar Şuşalını təbrik etdi və ona yeni yaradıcılıq uğurları arzuladı.