Oktyabrın 2-də Azərbaycan Milli Konservatoriyasının Bakı zalında “Nəfəs çalğı alətlərinin görkəmli nümayəndəsi Ələkbər Əsgərovun yaradıcılıq məziyyətləri” mövzusunda elmi seminar keçirilib.

 

Seminar AMK-nın baş müəllimi, Ə.Əsgərovun övladı Mahirə Ələkbərqızının təşəbbüsü ilə baş tutub. Seminarın keçirilməsində məqsəd Ə.Əsgərovun çoxşaxəli yaradıcılığının öyrənilməsi, Azərbaycan nəfəs çalğı alətlərinin inkişafına dair gətirdiyi yeniliklər və onun yaratdığı yeni böyük məktəbin müzakirə edilməsi olub.

 

Tədbirdə AMK-nın professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər. Seminarı AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova öz çıxışı ilə açıq elan edib.

 

Seminarda sənətkarın qızı  M.Ələkbərqızı, Ə.Əsgərovun yaradıcılıq məziyyətləri, onun ifaçılıq xüsusiyyətləri və ifa etdiyi əsərlərə dair təqdimatla çıxış edib. M. Ələkbərqızı həmçinin Ə.Əsgərovun rəqs melodiyaları və muğam rənglərini nota köçürərək hazırladığı yeni çap olunmuş kitabını seminar iştirakçılarına təqdim edib.

 

Tədbirdə həmçinin AMK-nın professoru Abasqulu Nəcəfzadə, İsraildən olan klarnet ifaçısı Boris Leviyev, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı  çıxış ediblər.

 

Tədbirdə M.Quliyeva və dəvət olunmuş digər müsiqiçilərin ifasında Ə.Əsgərovun müəllifi olduğu rəqs melodiyaları və muğam rəngləri  ifa olunub.

 

Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.